REGİONLAR
Xocalıda törədilən soyqırımı bəşəriyyətə qarşı yönəlib
Masallı, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 24-də Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Yaddaşlardan silinməyən faciə” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Videokonfransda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Xocalı soyqırımı heç vaxt yaddaşlardan silinməyəcək, çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönələn ağır cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı günü” kimi qəbul edib.
Onlayn tədbirdə Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin toxuculuq və tikiş dərnəyinin rəhbəri Əfsanə Kərimova, fəal gənc Abı Bağırov çıxış edərək, Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayəti olduğunu diqqətə çatdırıblar.