SİYASƏT


YAP Mərkəzi Aparatında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini bildirib. Bu münasibətlərin hərtərəfli inkişafının hər iki ölkənin prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın yüksək səylərinin nəticəsi olduğunu deyən YAP Sədrinin müavini Azərbaycanla Türkiyə arasında əlaqələrin əhəmiyyətindən danışıb, qarşılıqlı münasibətlərin ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb.

Tahir Budaqovun sözlərinə görə, bu gün iki dövlətin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, dünyada Azərbaycan-Türkiyə qədər bir-birinə yaxın, qardaş ölkə yoxdur. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq.

YAP Mərkəzi Aparatının rəhbəri iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin və tədbirdə Türkiyədən böyük nümayəndə heyətinin iştirakının önəmini vurğulayıb. Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir-birinə hər zaman ciddi dəstək verdiyini deyən Tahir Budaqov qeyd edib ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyə Respublikasının Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi qürurverici haldır. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycana, o cümlədən Qarabağın incisi olan Şuşa şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib. “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”, - deyən AK Parti Sədrinin müavini iki ölkənin liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi olduğunu söyləyib.

Efkan Ala qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının cəsarəti ilə yenilməz Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycan şanlı Zəfəri ilə bütün region üçün məqbul ola biləcək əməkdaşlıq formatı yaradıb və xoşməramlı mövqeyini bütün dünyaya bəyan edib. Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.

O, həmçinin AK Parti ilə YAP arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.