REGİONLAR
YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır VİDEO
Yevlax, 20 oktyabr, AZƏRTAC
Yevlaxda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra müstəqil Azərbaycanın və YAP-ın qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycan dövlətinin xilaskarı, partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin fenomen şəxsiyyətindən və siyasi fəaliyyətindən, eyni zamanda, 30 il ərzində ölkəmizin maraqları naminə hesablanmış və bu gün də dövlətimizin başçısı, Partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində qısa zaman kəsiyində əldə olunan və şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunmuş nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edib. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən söhbət açan Rafiq Əliyev YAP Yevlax rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, rayon təşkilatının ərazi partiya təşkilatının sayı 52, üzvlərinin sayı 8715 nəfərə çatıb.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd edib ki, Cənubi Qafqazda alternativi olmayan Yeni Azərbaycan Partiyası fəaliyyətində ölkəmizin və xalqımızın maraqlarını birləşdirib. YAP-ın arxada qoyduğu möhtəşəm və tarixi 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışında bildirib ki, əvəzedilməz şəxsiyyətin - ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün də onun ideyaları ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Azərbaycan xalqı xoşbəxtdir ki, bizi daha firavan gələcəyə aparan Liderimiz - Prezident İlham Əliyev vardır.
YAP İdarə Heyətinin üzvü, professor Elnur Sadıqov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin qoyduğu tarixi ənənələr YAP tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı güclü Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qətiyyətli, dönməz iradəsi və düzgün siyasəti ilə gerçəkləşdirir.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, “Kür” qəzetinin baş redaktoru, “Heydər Əliyev prospekti 47” ərazi partiya təşkilatının sədri Əminə Əhmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətindən və keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs ediblər. Çıxışlarda möhtəşəm Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən danışılıb, həmçinin torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimiz arasında YAP üzvlərinin də olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini ulu öndər Heydər Əliyevin müdrik ideyaları əsasında quraraq, Prezident, Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə qızıl hərflərlə tarix yazır.
Sonda Yevlax şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.