CƏMİYYƏT
YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 27-ci və Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə əlaqədar YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə edilib. Həmçinin ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatların dinlənilməsi və YAP Səbail Birliyi və Qadınlar Şurasının hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar hazırlıq işləri, o cümlədən cari məsələlərə baxılıb.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. Ş.Hacıyev deyib ki, bu gün çox mürəkkəb və ziddiyyətli bir dünyada yaşayırıq. Yaxın coğrafiyada baş verən müharibələr, qanlı toqquşmalar, miqrantlarla bağlı problemlər bütün dünyanı, xüsusən də Avropanı çalxalayır.
“Amma bütün bunlara baxmayaraq, Azərbaycan həmişə olduğu kimi sabitlik adasıdır, öz inkişaf yolu ilə gedir. Ölkəmiz həm iqtisadi, həm sosial cəhətdən inkişaf edir. Azərbaycanın çoxşaxəli beynəlxalq münasibətləri uğurla genişləndirilir. Biz bütün ölkələrlə əməkdaşlıq edirik, onların sayı gündən-günə artır”, - deyə Ş.Hacıyev əlavə edib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın ticarət əlaqələrinin genişlənməsi, gəlirlərinin çoxalması hərbi gücümüzün artmasına şərait yaradıb ki, bu da ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsinin həlli istiqamətində vacib amildir.
Ş.Hacıyev qeyd edib ki, Azərbaycan xalqının tarixində 15 sentyabr günü olduqca əlamətdar bir gündür. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olundu. Bu tarixi hadisənin 100 illiyi həm Azərbaycanda, həm də qardaş Türkiyədə böyük qürur hissi ilə qeyd edilir. Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən möhtəşəm parad iki ölkə arasındakı qardaşlıq münasibətlərini dünyaya bir daha nümayiş etdirdi.
İclas çıxışlarla davam edib.