YARAT Müasir İncəsənət Məktəbinin tələbələri üç buraxılış layihəsi hazırlayıb
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirib. Proqramın yekun nəticəsinə əsasən, 27 tələbə müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihəsi -sərgi hazırlayıb.
Bu barədə proqramla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq YARAT-dan bildirilib.
“Sərgilərdən birincisi – “Babil 2.0” sərgisi martın 16-da “Artım” layihə məkanında açılıb və 14 gün ziyarətçilər üçün açıq qalacaq. İkinci layihə - “Keçmiş nəsillərdən qalan izlər” aprelin 6-da açılacaq və 16-dək davam edəcək. Üçüncü sərgi – “Dərman aradım dərdimə” sərgisi isə aprelin 21-dən mayın 4-dək açıq qalacaq”, - deyə məlumatda qeyd olunub.
Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. “Babil 2.0”, “Keçmiş̧ nəsillərdən qalan izlər” və “Dərman arardım dərdimə” sərgiləri həmin mövzuları araşdırır.
“Babil 2.0” sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də “qlobal şəhərə” çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.
Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
Xəbərin mətnində orfoqrafik səhv var