MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində "FotoMən 2” layihəsinin açılışı olub

Bakı, 5 yanvar, AZƏRTAC

Fevralın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində “FotoMən 2” layihəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “ASAN Könüllülük” Məktəbi, “Gilan Holding”, Azərbaycan Fotoqraflar Birliyinin təşkilati və “ASAN Radio”nun media dəstəyi ilə həyata keçirilir.

Əvvəlcə “FotoMən 2017” layihəsinin qısa icmalını əks etdirən videoçarx nümayiş olunub.

Açılış mərasimində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bildirib ki, layihə fotoqrafiya sənətinə marağı olan və bu sahənin inkişafında öz töhfəsini vermək istəyən insanları birləşdirən bir platformadır. Qeyd edib ki, fotonun bizim yaddaşımıza həkk etdiyi məqamları nəzər salsaq, bu sahənin nə qədər peşəkarlıq tələb edən sənət olduğunu görərik. Bu sənət emosiyaları insanlara ötürən duyğu paylaşımıdır.

Tədbirdə ölkəmizdə fotoqrafiya sənətinin inkişaf tarixinə nəzər salan Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu daha sonra layihə barədə fikirlərini bölüşüb. “Layihə fotoqrafiya sənətinə açılmış bir pəncərədir. Burada siz yeni dostlar tapacaq, təlimlərdə iştirak edərək özünüzü təkmilləşdirəcəksiniz”, - deyə M.Həsənoğlu bildirib.

Qeyd edib ki, layihə çərçivəsində peşəkar fotoqraflar tərəfindən 16 təlim təşkil olunacaq. Təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirməkdir. Layihədə müsahibə yolu ilə seçilmiş 40 nəfər studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək.

Tədbirdə layihənin təlimçisi Raj Steven fotoqrafiyanın çətin sənət olduğunu söyləyib. Fotoqrafçı üçün həm səbəb, həm də nəticənin əsas olduğunu söyləyən təlimçi peşəkar fotoqraf olmaq üçün sosiologiya, fəlsəfə və psixologiyanı bilməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, layihənin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.