SİYASƏT
YEVLAXLILAR ŞƏHƏRİN PREZİDENT HEYDƏR ƏLİYEVİN ŞƏRƏFİNƏ “HEYDƏRABAD” ADLANMASI BARƏDƏ MÜRACİƏT İMZALAMIŞLAR
Bu barədə jurnalistlərə dekabrın 22-də Bakı Mətbuat Klubunda mətbuat konfransı keçirən “Heydərabad” Təşəbbüs Qrupunun üzvləri məlumat vermişlər. Qrupun rəhbəri, “Soydaş” jurnalının baş redaktoru Sənan Həsənoğlu bildirmişdir ki, bu il oktyabr ayının 22-də Yevlax şəhərinin Azərbaycanın böyük oğlu, müstəqil dövlətimizin memarı Heydər Əliyevin şərəfinə “Heydərabad” adlandırılması təşəbbüsünü irəli sürmüş, bir həftə sonra müxtəlif qəzetlərdə bu barədə yazılar çap etdirmişdir. Aparılan sorğu göstərmişdir ki, təşəbbüs səsvermə hüququ olan yevlaxlılar tərəfindən bəyənilir. Ona görə də qısa müddətdə ağsaqqallardan, ziyalılardan, gənclərdən və əhalinin digər qruplarından ibarət “Heydərabad” Təşəbbüs Qrupu yaradılmışdır. Qrupa müraciət edən yevlaxlıların sayı durmadan artır. İndiyədək rayonun 48 min seçicisinin 40 min 725 nəfəri Yevlax şəhərinin “Heydərabad” adlandırılması təklifinin əsaslandırıldığı müraciəti imzalamışdır. Artıq imzaların bir hissəsi Milli Məclisə təqdim olunmuşdur.
Mətbuat konfransında Yevlaxın iqtisadi inkişafına, tikilib-qurulmasına Heydər Əliyevin töhfəsini sübut edən çoxlu faktlar sadalanmış, qrupun Yevlaxda kirayələdiyi ofisə sakinlərin gəlişini əks etdirən videosüjetlər göstərilmişdir.
Qrupun üzvləri “Yevlax” toponimi haqqında danışarkən onun 1883-cü ildə Bakı-Tiflis dəmir yolunun çəkilişi zamanı mühəndis Yevlaxov Sergey Timofeyeviçin tif xəstəliyindən vəfat edərək, yolun 292-ci kilometrliyində dəfn edilməsi ilə əlaqələndirmişlər. Guya bundan sonra stansiya “Yevlaxskaya” adlanmışdır.
AZƏRTAC-ın müxbiri mütəxəssislərə müraciət edərək öyrənmişdir ki, toponim ilk dəfə XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsən üt-təvarix” əsərində xatırlanır. Azərbaycanı Osmanlılar tutduqdan sonra 1593-cü ildə tərtib olunmuş maliyyə dəftərində Yevlax Gəncə vilayətinin tərkibində olan və Kürqırağı obaları əhatə edən sancaqlıq kimi qeyd edilir. Mənbələrdə ərəb əlifbası ilə yazılmış bu sözü “Youlaq” və “Yəvlaq” kimi müxtəlif şəkildə oxumaq mümkündür. Digər fikirlər də mövcuddur. Məsələn, Y.V.Çəmənzəminlinin “Qan içində” romanında yazdığına görə, bu ərazi Qarabağ xanlarının ov yeri olduğu üçün “Ovlaq” adlanırdı. Bəzi tədqiqatçılar bu izahla razılaşaraq, toponimi “ovlaq” sözünün təhrif olunmuş forması kimi qəbul edirlər. Bir mülahizəyə görə, toponimin əsasında “yava” (qədim türk dillərində “isti”), digər mülahizəyə görə isə, “yaba”/”yava” (“boş”, “tənha”, “isti”) sözü durur və məkan, yer bildirən -laq şəkilçisi qəbul edərək “isti yer”, “boş yer”, “kimsəsiz yer” mənasındadır. Bir sözlə, toponimin dəqiq mənası müəyyən edilməmişdir.