ELM VƏ TƏHSİL
YT Parkın “TEKNOFEST Azərbaycan”da nümayiş olunacaq dronları ilkin sınaqlardan uğurla keçib
Bakı, 4 aprel, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC-nin istehsal etdiyi pilotsuz uçuş aparatları Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib.
Bildirilib ki, “Elm və Texnologiyalar Parkı” “TEKNOFEST Azərbaycan” sərgisində aqrar texnologiyalar sahəsi üzrə təmsil olunacaq. Rezident tərəfindən təqdim olunan həll xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur. Bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradacaq.
Dron əkin sahələrində ilkin sınaqlardan uğurla keçib və yüksək nəticələr göstərib. Bu aparatların havada qalma müddəti 50 dəqiqə, sürəti 70 saatda kilometrdir. Uçuş məsafəsi 60 kilometrə qədər avtonom, 20 kilometrə qədər əl ilə idarə edilə bilər.