İQTİSADİYYAT
Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 284 sahibkar müraciət edib
Bakı, 9 fevral, AZƏRTAC
Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 284 sahibkar müraciət edib.
Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. Elə bu səbəbdəndir ki, yanvar ayı ərzində ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. “Azərişıq” ASC-nin göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların sadələşdirilməsi, eyni zamanda, məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN xidmət” mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib.
Nəticədə “Azərişıq” ASC-yə yanvar ayında “ASAN xidmət və” “ASAN Kommunal” mərkəzləri vasitəsilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda, 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” mərkəzlərinə üz tutub.
Ümumilikdə isə yanvar ayında “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 18 409 müraciət olunub.