DÜNYA
Yaponiya 2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin qurbanlarını anır
Tokio,11 mart, AZƏRTAC
Martın 10-da, Yaponiyanın şimal-şərqində 2011-ci il martın 11-də baş vermiş zəlzələ və sunaminin 8-ci ildönümü ərəfəsində fəlakət nəticəsində həlak olanların xatirəsinə anım tədbirləri keçirilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Fukuşima prefekturasının İvaki şəhərində təşkil edilən xatirə tədbirinə təqribən 300 nəfər qatılıb. Sunami dalğaları bu şəhərin Toyama rayonunda təqribən 400 binanı yuyub aparıb, nəticədə 76 nəfər həlak olub, 7 nəfər isə itkin düşüb.
Tədbirə qatılanlar əvvəlcə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar, sonra ötən ay istifadəyə verilən kenatofun qarşısına çiçəklər düzülüb. Uşaqlar həlak olanların xatirəsinə ənənəvi rəqs ediblər.
Ağır itkiyə məruz qalan ailələr adından çıxış edən Tyoko Kanari deyib ki, əzablar çəkmiş doğma şəhərini sevməkdə davam edərək, o, təhlükəsizlik məsələlərinə bundan sonra daha böyük diqqətlə yanaşacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio