REGİONLAR
Yaponiya hökumətinin dəstəyi ilə Qax rayonunun Qıpçaq kəndində yeni uşaq bağçası tikilib
Qax, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 7-də Qax rayonunun Qıpçaq kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən uşaq bağçasının tikintisi layihəsinin icrası uğurla başa çatıb.
Uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, rayon rəhbərliyi, layihəni icra edən “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində İctimai Birliyin sədri Əlirza Məhərrəmov layihə barədə qısa məlumat verib.
Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində Qax rayonunda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 9 layihə reallaşıb. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu deyib.
Qax rayonuna növbəti səfərindən məmnunluğunu ifadə edən səfir Teruyuki Katori rayonun təbiətinə heyran qaldığını vurğulayıb. Səfir bildirib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, bütün dünyada “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı”nın 30 illiyinin qeyd edildiyi bir zamanda Qax rayonunun kəndində uşaq bağçasının tikintisi ilə bağlı layihənin icra edilməsi sevindirici haldır. Yeni istifadəyə verilən uşaq bağçası valideynlərin işini asanlaşdırmaqla yanaşı, məktəbəqədər təhsilin səviyyəsinin yaxşılaşdırılmasına da öz töhfəsini verəcək.
Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 19 milyon 983 min 599 ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanıb. İcrası yeni başa çatan bu layihənin dəyəri isə 90 min 861 ABŞ dolları təşkil edib.
Uşaq bağçasının açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.