DÜNYA
Yaponiyanın Baş naziri TPP-nin qüvvəyə minməsi üçün lazımi prosedurları tamamlamağa çağırıb
Tokio, 23 noyabr, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, əgər ABŞ Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmaya qoşulmasa, onda bu müqavilə öz mənasını itirəcək. Şinzo Abe sənədin tezliklə qüvvəyə minməsi məqsədilə iştirakçı ölkələrin, o cümlədən ABŞ-ın razılaşmaya qoşulmaq barədə daxili prosedurları tamamlaması üçün lazım olan bütün addımları atmaq niyyətində olduğunu da deyib.
NHK kanalının bildirdiyinə görə, bu barədə o, ABŞ və Peru daxil olmaqla yeddi gün davam edən səfərinin sonuncu məntəqəsi olan Argentinada təşkil edilən mətbuat konfransı zamanı danışıb.
Ş.Abe vurğulayıb ki, azad və açıq iqtisadiyyat sülhün və inkişafın əsası kimi çıxış edir. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) Peruda keçirilən son sammiti zamanı iştirakçı ölkələr bütün dünyaya azad ticarəti inkişaf etdirmək niyyətində olduqlarını bir daha kəskin şəkildə bəyan ediblər.
Yaponiyanın Baş naziri TPP-ni azad və ədalətli qaydalara əsaslanan iqtisadi regionun yaradılması üçün iddialı çağırış adlandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio