ELM VƏ TƏHSİL
Yaponiyanın Vaseda Universitetində Azərbaycan haqqından təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb VİDEO
Tokio, 21 oktyabr, AZƏRTAC
Yaponiyanın Vaseda Universitetində Azərbaycan haqqında təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb. Universitetin professoru Hiroaki Mohri 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının hazırda sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, universitetin bir qrup tələbəsi oktyabrın sonlarında “Yaponiya-Qafqaz iqtisadi və mədəniyyət mübadiləsi proqramı-2015” çərçivəsində Azərbaycana səfər edəcək. Həmin tələbələri Azərbaycan haqqında daha ətraflı məlumatlandırmaq məqsədilə Keyo Universitetinin azərbaycanlı tədqiqatçısı Aysu Yusifzadə tərəfindən xüsusi təqdimat hazırlanıb.
Təqdimatla çıxış edən A.Yusifzadə ölkəmizin qədim sivilizasiyaların qovuşuğunda yerləşdiyini, zəngin mədəniyyətə malik olduğunu bildirib, müasir Azərbaycanın uğurları barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə elan etsə də, yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra əsl bərpa və inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin Ulu Öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirməsi nəticəsində Azərbaycan sürətlə müasirləşmə yoluna çıxıb, beynəlxalq səviyyədə qəbul edilən uğurlara imza atıb. Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi, ilk Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyəli təşkili barədə iştirakçılara ətraflı məlumat verilib.
Tələbələrin Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ilk Avropa Oyunları və digər mövzularda sualları cavablandırılıb.
Sürətli inkişafı ilə dünyanın diqqət mərkəzində olan Azərbaycanı daha yaxından tanımaq üçün tələbələrin böyük həvəs göstərdiyini qeyd edən professor H.Mohri ətraflı məlumata görə minnətdarlığını bildirib.
Səfər çərçivəsində tələbələrin Bakı şəhərindən başqa, Quba və Qusar rayonlarına da gedəcəkləri, tarixi və mədəniyyət abidələri ilə tanış olacaqları, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində görüşlər keçirəcəkləri, müxtəlif mövzularda diskussiyalara qatılacaqları qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio