MƏDƏNİYYƏT
Yaponiyanın http://gendai.ismadia.jp/ saytında “Mərkəzi Asiyanın ən böyük layihələrindən biri - Zirə adası” sərlövhəli məqalə yerləşdirilmişdir VİDEO
Tokio, 12 fevral (AZƏRTAC). Yaponiyanın dünyada enerji təhlükəsizliyi məsələlərini işıqlandıran http://gendai.ismedia.jp/ saytında tanınmış iqtisadçı ekspert, “World İnvesters TV” internet televiziyasının prodüseri İşida Kazuyasunun “Mərkəzi Asiyanın ən böyük layihələrindən biri - Zirə adası” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Azərbaycanın son illər sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atdığını qeyd edən müəllif bildirir ki, 2020-ci ildə ölkənin iqtisadi potensialının hansı həddə çatacağını təsvir etmək üçün söz tapmaq çətindir. Avrasiya regionunda nəqliyyat və enerji dəhlizlərinin inkişafında ölkəmizin əvəzedilməz roluna diqqəti cəlb edən K.İşida hazırda milli layihələrin tətbiqinə xüsusi önəm verildiyini vurğulayır. Bildirir ki, 2007-ci ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası Azərbaycan iqtisadiyyatının 180 dərəcədə dəyişməsinə səbəb olmuşdur. Keçmiş SSRİ respublikalarından biri olmuş Azərbaycan bazar iqtisadiyyatına keçidi başa çatdırmış, innovasiyalar sahəsində mühüm uğurlar əldə etmək üçün daha yüksək zirvələrə can atmaqdadır.
Keçən ilin oktyabrında Azərbaycana səfəri haqqında məlumat verən müəllif bir il əvvəl də Bakıda olduğunu və ötən dövrdə şəhərin sürətlə dəyişdiyini bildirir. Qeyd edir ki, ölkə rəhbərliyi xam neftin və təbii qazın hasilatından əldə olunan mənfəəti şəffaf şəkildə Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplayaraq ondan respublikanın bu günü və gələcəyi üçün bacarıqla istifadə edir. Azərbaycan, həmçinin Şərq-Qərb enerji dəhlizinin mərkəzində yerləşərək, Avrasiyanı birləşdirən körpü rolunu oynayır.
Azərbaycan paytaxtında möhtəşəm tikinti işlərinin həyata keçirildiyini vurğulayan müəllif bu layihələr içərisində “Zirə adası”nın xüsusi yer tutduğunu bildirir. Layihə kənar mənbələrdən elektrik enerjisi istifadə etməyən, yaşayış məhəllələri, mədəniyyət mərkəzləri və asudə vaxt keçirmək üçün obyektləri olan kurort və yaşayış məkanının tikintisini nəzərdə tutur. Nadir təbii şəraitə malik Zirə adası yeni landşaft arxitekturası kimi dəyərləndirilir. Paytaxt Bakının aypara şəkilli sahil xəttini formalaşdıran körfəzin hüdudlarında olan “Zirə adası” layihəsi şəhərin inkişafı üçün həyat qabiliyyətli model kimi və şəhərin sahil xətti boyunca yaraşıqlı üfüq yaratmaq ideyası olaraq ərsəyə gətirilmişdir.
İ.Kazuyasu bu layihənin reallaşması nəticəsində Zirə adasının dünyanın ən gözəl turizm şəhərciyinə çevriləcəyini bildirir. Qeyd edir ki, Azərbaycanın tikinti ənənələrini ən yeni texnologiyalarla birləşdirəcək “Zirə adası” kənar mənbələrdən minimal dərəcədə istifadə etməklə yüksək səviyyəli həyat tərzini təmin edəcək və dünyaya yeni imkanlar nümayiş etdirəcəkdir.
Abşeron yarımadasının güclü enerjiyə malik bölgə olduğunu nəzərə çatdıran İ.Kazuyasu bildirir ki, burada elektrik enerjisi istehsal etmək üçün potensial külək vardır. Buna görə də layihə hazırlanarkən əsas qaynaq kimi potensial daimi küləyin olması götürülmüşdür. Elə bu səbəbdən də yeni şəhərcikdə ənənəvi elektrik enerjisindən, təbii qazdan və təbiətə ziyan vura biləcək digər yanacaq növlərindən istifadə olunmayacaqdır. Küləyin nisbətən az olduğu lokal ərazilərdə isə enerji mənbəyi kimi sudan istifadə ediləcəkdir.
Məqalədə, həmçinin ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasında “Ağ şəhər” layihəsinin mühüm yer tutduğu bildirilir və bu istiqamətdə mühüm irəliləyişlərin əldə edildiyi də vurğulanır.
Hazırda ölkənin qaz yataqlarının istismarı istiqamətində ciddi addımlar atdığını bildirən müəllif bu sahədə də dünyanın diqqətinin Azərbaycana yönəldiyini vurğulayır. Bildirir ki, öz paytaxtını bir il ərzində tanınmayacaq dərəcədə dəyişən Azərbaycan gələcək nəsillər üçün mühüm stimul yaradır.
“Zirə adası” layihəsi barədə xüsusi videorolikin də əlavə edildiyi məqalə ilə http://gendai.ismedia.jp/articles/-/38339 ünvanında tanış olmaq olar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio