DÜNYA
Yaponiyanın iki prefekturası Olimpiada zamanı koronavirusa yoluxanlara yataq ayırmayacaq
Tokio, 13 may, AZƏRTAC
Tokionun yaxınlığında yerləşən Çiba prefekturası Yay Olimpiya və Paralimpiya oyunları zamanı koronavirusa yoluxan idmançılar və digər iştirakçılar üçün xəstəxanalarda əlavə yataq ayırmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə prefekturanın qubernatoru Tosihito Kumaqai mayın 13-də keçirilən mətbuat konfransı zamanı bəyan edib.
“Düşünürəm ki, biz Olimpiadanın iştirakçıları üçün prioritet qaydada yataq təqdim etməməliyik və bu, prefekturamızın sakinlərini onlardan istifadədən məhrum etməməlidir”, - deyə qubernator bildirib. Qeyd edib ki, xəstəliklə əlaqədar, ilk növbədə, Çibanın sakinləri yataqla təmin edilməlidir. Oyunların iştirakçılarına isə təşkilatçılardan bununla əlaqədar müvafiq müraciət daxil olduğu təqdirdə ümumi qaydada xidmət göstərilə bilər. Həmçinin bu zaman ağır xəstələrin sayı az olmalıdır.
Xatırladaq ki, bir gün əvvəl Tokio ilə qonşuluqda yerləşən İbaraki prefekturasının qubernatoru da belə bir bəyanatla çıxış edib. Bu prefekturanın da qubernatoru bildirib ki, indiki halda Olimpiadanın təşkili məcburi deyil və onu ya ləğv etmək, ya da vaxtını dəyişmək lazımdır.
Qeyd edək ki, pandemiyaya görə bir il müddətinə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio