DÜNYA
Yaponiyanın müdafiə naziri rusiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etmək istəyir
Tokio, 17 may, AZƏRTAC
Yaponiyanın müdafiə naziri Takeşi İvaya rusiyalı həmkarı Serqey Şoyqu ilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etmək istəyir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, T.İvaya bunu mayın 17-də keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib: “İstərdim ki, müdafiə sahəsində məsələlər barədə müzakirələr aparaq, təhlükəsizlik sahəsində zəmanətlə bağlı qarşılıqlı inam formalaşdıraq və etibarlı əməkdaşlıq quraq”.
Xatırladaq ki, gələn həftə Tokioda Yaponiyanın və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşü keçiriləcək. T.İvaya qeyd edib ki, o, rusiyalı həmkarı ilə ayrılıqda müzakirələr aparmaq istəyir.
“Şimal torpaqları” barədə sualı cavablandıran nazir hökumətin məsələ ilə bağlı mövqeyini bir daha təkrar edərək deyib ki, Yaponiya “problemin həll olunması və sülh müqaviləsinin imzalanması üçün ardıcıl danışıqların” davam etdirilməsini istəyir. Adaların Yaponiyaya qaytarılacağı təqdirdə burada ABŞ hərbi bazalarının yerləşdiriləcəyi barədə suala birbaşa cavabdan yayınan nazir bunun Rusiya ilə danışıqlara mənfi təsiri riskini əsas gətirib.
Xatırladaq ki, Yaponiya və Rusiya liderləri 2018-ci ilin noyabrında Sinqapurda iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları 1956-cı il birgə bəyanatı əsasında aparmaq barədə razılığa gəliblər. Bu, sülh müqaviləsi müqabilində “şimal torpaqları”na daxil olan Kunaşir, İturup, Şikotan və Habamai adalarının hamısının qaytarılmasını tələb edən Yaponiyanın rəsmi mövqeyində ciddi güzəşt deməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio