MƏDƏNİYYƏT
Yaqub Öməroğlu: Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası Nəsimi şəxsiyyətinin timsalında dünya poeziyasına verilən qiymətdir
Ankara, 6 dekabr, AZƏRTAC
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilməsi böyük filosof Nəsimi şəxsiyyətinin timsalında dünya poeziyasına verilən yüksək qiymətdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı Yaqub Öməroğlu deyib. Bildirib ki, 650 min ağacın əkilməsi yaşıllıqların, o cümlədən meşə florasının artırılmasına, qlobal istiləşmənin təsirlərinin azaldılmasına müsbət təsir göstərən beynəlxalq kampaniyadır.
AYB sədri deyib: “Nəsiminin doğum günü şərəfinə 650 min ağacın əkilməsi bütün dünya üçün əhəmiyyətli yaşıllaşdırma aksiyasıdır. Nəsimi zəngin poeziya yaradıcılığı, fəlsəfi fikirləri ilə insanları paklığa səsləyirdi. Yaşıllaşdırma isə atmosferi təmizləyən ekoloji aksiyadır. Bu mənada hər iki reallıq arasında mənəvi körpü vardır. Hesab edirəm ki, bu aksiya ideya, mahiyyət və bəşəri faydalılıq etibarı ilə Azərbaycanın müstəqillik tarixində ən yaddaqalan tədbirlər sırasında yer alacaqdır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara