CƏMİYYƏT
Yaqub Öməroğlu: Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş yürüş dünyaya verilən ümumxalq birlik mesajıdır VİDEO
Ankara, 30 sentyabr, AZƏRTAC
Bütün Azərbaycan şəhidlərini hörmət və ehtiramla yad edirəm. Bizim bir şüarımız var: Şəhidlər ölməz! Buna iman edirik. Çünki bu, müqəddəs kitabımız olan Quranda belə yazılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 27-də Anım Günündə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş əzəmətli yürüşü bütün dünyaya verilmiş ümumxalq birlik nümayişi kimi dəyərləndirən Yaqub Öməroğlu deyib: “Şəhidlərin portretləri ilə yürüşün keçirilməsi Vətən uğrunda həlak olanların Azərbaycan xalqının qəlbində, dövlətin ruhunda əbədi yaşadığının bir göstəricisidir. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xatirəsini belə yüksəkdə tutacaq”.
“Şəhidlər ölməz və onları Azərbaycan xalqı, türk xalqı, türk milləti hər zaman qəlbində, ruhunda yaşadacaq”, - deyən AYB sədri Qarabağ Zəfərini müasir dünyada ən möhtəşəm Qələbə kimi dəyərləndirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara