CƏMİYYƏT
Yardımlıda dini maarifləndirmə işinin təşkilinə dair seminar-treninq keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, seminar-treninqdə rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və fəal gənclər iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova çıxış edərək milli-mənəvi, o cümlədən dini dəyərlərə dövlət qayğısından danışıb, ölkədə dini dözümlülüyün və tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini vurğulayıb. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların təsirinin qarşısını əhəmiyyətli dərəcədə alıb.
Dövlət-din münasibətləri barədə danışan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir. Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Bu baxımdan dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin borcu və müstəsna hüququdur.
Dini maarifləndirmə tədbirlərinin önəminə də toxunan Gündüz İsmayılov bildirib ki, dinlərin tolerantlıq, dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin gücləndirilməsinə böyük ehtiyac var. Çünki insanların əksəriyyətinin nəinki başqa dinlərdən, hətta öz etiqadının mahiyyətindən və bəzi prinsiplərindən xəbəri yoxdur. Sədr müavininin sözlərinə görə, belə vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədləri üçün istifadə etmə imkanları daha geniş olur.
Yardımlı rayon təhsil şöbəsinin müdir müavini Məhluqə Niyazova dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsilə aparılmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda, şagirdlərin dini dünyagörüşünün formalaşmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
Seminar-treninq müzakirələrlə davam edib.