REGİONLAR
Yardımlıda iki modul tipli yeni məktəb binası istifadəyə veriləcək
Yardımlı, 3 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası istiqamətində Yardımlı rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni məktəb binaları inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Yardımlı rayonunun Çanaxbulaq kəndində 56, Peştəsər kəndində isə 80 şagird yerlik modul tipli tam orta məktəb binalarının quraşdırılması başa çatdırılıb. Yeni dərs ilində hər iki məktəb binası müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Rayonun Qaraqaya kəndindəki tam orta məktəb üçün inşa edilən 120 şagird yerlik ikimərtəbəli yeni məktəb binasında da tikinti işləri başa çatmaq üzrədir.
Yardımlı şəhər 4 nömrəli tam orta məktəb üçün inşa edilən 180 şagird yerlik ikimərtəbəli məktəb binası isə qapılarını bu ilin sonunadək müəllim və şagirdlərin üzünə açacaq.
Qeyd edək ki, son 20 ildə Yardımlıda 50-yə yaxın yeni məktəb binası tikilib.