CƏMİYYƏT


Yeddi günlük təcrid müddəti başa çatmış xəstələr sonrakı bir həftə ərzində də maska taxmalıdırlar

Bakı, 25 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı Azərbaycanda son həftələrdə aşkar edilsə də, Avropa ölkələrində iki aydan çoxdur ki, geniş yayılıb. “Omikron” bir sıra ölkələrdə dominant ştamdır. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək olsa da, xəstəliyin gedişatı, adətən, zəif olur. Ona görə də COVID-19 xəstələrinin təcrid müddəti bir çox ölkələrdə, eləcə də Azərbaycanda 14 gündən 7 günə azaldılıb. Hesab edilir ki, 7 günlük təcrid müddəti kifayətdir. Azərbaycanda təcrid müddəti yalnız yerli ekspertlərin fikirləri deyil, beynəlxalq təcrübə də əsas götürülərək azaldılıb. Lakin təcrid müddəti başa çatmış vətəndaşlar arxayın olmamalı, sağlamlıq vəziyyətlərinə diqqət etməlidirlər. Onlar 7 gün başa çatdıqdan sonra da bir həftə ərzində tibbi maska taxmalıdırlar. Xəstənin 7 gündən sonra da müəyyən simptomları qalıbsa, qızdırmadan əziyyət çəkirsə, evdə oturmalı və özünü təcrid etməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hepatoloq-infeksionist Mərdan Əliyev deyib.

Həkim-mütəxəssis bildirib ki, ölkədə vaksin olunanların, eləcə də xəstəliyə yoluxub sağalanların sayının kifayət qədər olması nəzərə alınmalıdır: “Yəni, həm təbii, həm də süni immunizasiya olunanlar çoxdur. Bu isə kollektiv immunitetin formalaşması üçün əhəmiyyətlidir. Bu faktor da karantin müddətinin azaldılmasına səbəb ola bilər. Digər tərəfdən isə bu, “omikron” variantı ilə əlaqəlidir. Həmin ştama yoluxma sürətli olsa da, ağırlaşma halları, adətən, müşahidə edilmir. “Omikron”la yoluxan xəstələrdə infeksiya sürətli yayılsa da, qısa müddətdə sonlanır. Əksər hallarda xəstələr 7-10 gün müddətində sağalırlar. Araşdırmalar müəyyən edib ki, “omikron” ştamı ilə yoluxanlarda xəstəliyin yoluxduruculuq müddəti, adətən, 1 - 3 gün davam edir, 7 gündən sonra isə xəstə digərlərini ümumiyyətlə yoluxdurmur. Təcridin həm iqtisadi, həm də sosial çətinlikləri var. İşə 14 gün gedə bilməyən vətəndaşlarda bəzi hallarda psixoloji gərginlik yaranır, onların işə adaptasiyası da çətinləşir. Ona görə də reallıqları nəzərə alınaraq, təcrid müddətinin azaldılması mühüm addımdır”.

Qeyd edək ki, Azərbaycanda COVID-19-un “omikron” ştamı yanvarın 10-da qeydə alınıb. Yanvarın 24-dən etibarən isə COVID-19 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid müddəti 14 gündən 7 günə endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.