DÜNYA
Yeni “Huawei” smartfonu rəsmən təqdim olunub
Bakı, 11 iyul, AZƏRTAC
“Huawei” şirkəti “Enjoy 7” smartfon modelini təqdim edib. Ötən il buraxılan “Enjoy 6” smartfonunu əvəz edən yeni qurğu apreldə Çində təqdim edilən “Enjoy 7 Plus” modelinin kiçik versiyasıdır.
AZƏRTAC xəbər verir ki, məlumata görə, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş tutumuna malik “Huawei Enjoy 7 Plus” modelinin qiyməti 132 dollar təşkil edir. Qurğunun 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası isə 161 dollaradır.
Smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçüsünə malik 5 düym diaqonallı ekran, barmaq izi skaneri, 5 meqapikselli ön və 13 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ və “microSD” kartı ilə genişləndirmə imkanına malik 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış yaddaş təşkil edir.
Akkumulyator tutumu 3020 milliamper/saata bərabər “Huawei Enjoy 7 Plus” smartfonu “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.