ELM VƏ TƏHSİL
Yeni tədris ilində peşə təhsilində 3 ixtisas üzrə tədris “WorldSkills” standartlarına əsasən aparılacaq
Bakı, 12 iyul, AZƏRTAC
2021-2022-ci tədris ilindən etibarən peşə təhsilində 3 ixtisas üzrə tədris "WorldSkills” standartlarına əsasən aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov “WorldSkills Azerbaijan” platformasının təşkilatçılığı ilə veb-proqramlaşdırma üzrə keçirilən yarışla bağlı mətbuat konfransında deyib. O bildirib ki, 2020-2021 tədris ilində 1 ixtisas üzrə tədris "WorldSkills” standartlarına uyğun təşkil olunub.
Qeyd edək ki, veb-proqramlaşdırma yarışı ölkəmizdə “WorldSkills” formatına uyğun ilk yarışdır. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən ediləcək. “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə Olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.