REGİONLAR
Yeni üzüm sortuna patent və müəlliflik şəhadətnaməsi verilib
Naxçıvan, 12 iyul, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları mərhum aqrar elmlər üzrə fəlsəfə doktoru, professor Famil Şərifovla və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Ələkpərovla birgə yaratdıqları “Bayanşirə süfrə” adlı yeni seleksiya üzüm sortuna Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən patent və müəlliflik şəhadətnaməsi verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çox məhsuldar sort olan “Bayanşirə süfrə” sortu “Bayanşirə” sortundan klon seleksiyası yolu ilə əldə olunub. Bir hektardan 800 sentnerə qədər məhsul verir. Xəstəliklərə dözümlüdur. Rentabelliyi və iqtisadi səmərəliliyi yüksək, süfrə istiqamətli sortdur.
Qeyd edək ki, həm təcrübəli ampeloqraf alim Varis Quliyev, həm də professor, mərhum Famil Şərifov və dosent Məhsəti Ələkpərova uzun illərdir üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində məqsədyönlü elmi-tədqiqat işləri aparıb. Tədqiqatların əsas məqsədi Azərbaycan Respublikasında üzüm genofondunun tədqiqi, təsərrüfat-texnoloji xüsusiyyətlərinin araşdırılması, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, seleksiya yolu ilə şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlü yeni sortların əldə olunmasıdır. “Batanşirə süfrə” üzüm sortunun artıq ölkəmizin Gəncə-Qazax, həmçinin əsas üzümçülük bölgələrində yayılmasına və becərilməsinə başlanılıb.
Varis Quliyev həm muxtar respublikada, həm də ADAU-nun üzümçülük üzrə seleksiya işləri ilə məşğul olan professor-müəllim heyəti ilə müştərək olaraq iqtisadi əhəmiyyətli, rentabelliliyi daha yüksək olan yeni üzüm sortlarının yaradılması istiqamətində məqsədyönlü elmi-tədqiqat işləri ilə məşğul olur. O, “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”, “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü”, Nərgizi” adlı yeni üzüm sortlarının müəllifidir.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair”, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət proqramlarının qəbul olunması AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında da yeni tətbiqyönümlü üzüm sortlarının yaradılması ilə bağlı elmi-tədqiqat işlərinin daha da intensiv aparılmasına stimul yaradıb.