CƏMİYYƏT


Yeni vericilər dəriyə bərkidilərək istifadəçinin sağlamlıq durumunu izləyir

Bakı, 17 avqust, AZƏRTAC

Stenford Universitetindən olan mühəndislər vericilərin köməyi ilə fizioloji siqnalların aşkarlanmasının yeni üsulunu işləyib hazırlayıblar. Bu zaman verici dəriyə plastır kimi yapışdırılır və onlar geyimə bərkidilmiş qəbulediciyə göstəriciləri ötürürlər.

AZƏRTAC “Haytek” saytına istinadla xəbər verir ki, istifadəçilər özlərinin sağlamlıq durumlarını bu yolla daim izləyə bilərlər.

Texnologiyanı nümayiş etdirməkdən ötrü tədqiqatçılar vericini istifadəçilərin biləklərinə və qarınlarına yapışdırıblar. Onlar beləcə insanın nəbzinə və tənəffüsünə nəzarət edərək, hər ürək döyüntüsündə və nəfəsalmada dərinin necə dartılmasını müəyyənləşdiriblər. Analoji şəkildə insanın dirsək və dizlərindəki yapışdırmalar da əl və ayağın hərəkətini izləyir, müvafiq əzələnin hər dəfə əyilməsi zamanı dərinin zəifləməsini müəyyən edir.

“Nature Electronics” nəşri üçün məqalədə sistemi izah edən laboratoriyanın rəhbəri, kimyaçı professor Çjenan Bao hesab edir ki, onların adlandırdıqları “BodyNet” texnologiyasından tibb müəssisələrində aktiv şəkildə istifadə olunacaq. Bu texnologiya yuxu pozğunluğu və ya ürək xəstəlikləri olan pasiyentlərin nəzarəti zamanı faydalı olacaq.

Laboratoriya bədən hərarətinin və insanın stress səviyyəsini izləmək üçün tərin ayrılmasını tədqiq etməkdən ötrü artıq yeni yapışdırmalar işləyib hazırlayır. Onların əsas məqsədi bir sıra naqilsiz vericilərin yaradılmasıdır. Bu vericilər dəriyə yapışdırılır və sağlamlıq durumunun genişspektrli göstəricilərinin daha dəqiq izlənilməsi üçün “ağıllı” geyimlə uyğunlaşdırılaraq işləyirlər. Alimlər əmindirlər ki, verici artıq bazarlarda mövcud olan smartfon və saatlara nisbətən daha dəqiq işləyəcək.

“Fikrimizcə, bir gün insan bədəninə müdaxilə olmadan fizioloji göstəricilərin toplanması üçün dəri sensorlarının hərtərəfli sistemini yaratmaq fürsəti əmələ gələcək”, - deyə tədqiqatçılar əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.