REGİONLAR
Yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi yüksəldilir
Bakı, 16 iyun, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir iyunun 16-da İsmayıllıda təşkil olunub.
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirdə Dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu statusunu qazanıb və ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması zamanı bunu sübut edib.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu prosesindəki rolundan danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov qeyd edib ki, bu gün hərbi sahədə islahatlar uğurla reallaşdırılır.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi sahəsində həyata keçirilmiş işlərin müsbət nəticələr verdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında gənclərin mübariz ruhda yetişdiyini və onların işğal altındakı torpaqlarımızın azad edilməsi üçün daim hazır olduqlarını qeyd edib.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və İsmayıllı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib olunan proqramla çıxış ediblər.