REGİONLAR
Yeniyetmə və gənclərə milli-mənəvi dəyərlər və vətənpərvərlik hissləri aşılanır
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə müəllim və şagird kollektivinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin tədbirlər planına uyğun olaraq maarifləndirici təbdir təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis baş leytenantı Səid Babayevin yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, yetkinlik yaşına çatmayanlar və gənclər arasında cinayətkarlığın, hüquqpozmaların profilaktikası, sosial şəbəkələrdən təhlükəsiz istifadə, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması mövzularında çıxışı dinlənilib.
Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Şahmar Hüseynov milli-mənəvi dəyərlər və oxunması zəruri olan kitabların mütaliəsinin, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin baş məsləhətçisi Tural İsmayılov isə yetkinlik yaşına çatmayanların asudə vaxtlarının düzgün təşkilinin və sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.