CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Bakı, 25 dekabr, AZƏRTAC
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 24-də nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə reydlər keçiriblər. Reydlər nəticəsində Sumqayıt şəhərində üç, Xırdalan şəhərində isə dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin mağazaların yeddi satıcısı barədə İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimələnib.