İQTİSADİYYAT
Yevlax-Bərdə avtomobil yolunun əsaslı təmiri layihəsi başa çatdırılmışdır
Bakı, 15 fevral (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yol-nəqliyyat sistemində həyata keçirilən Yevlax-Bərdə avtomobil yolunun əsaslı təmiri layihəsi başa çatdırılmışdır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin yolun 7-ci kilometrində kollektor üzərində uzunluğu 30 metr olan körpü tikilmişdir. Bərdə-Tərtər yolunun əsaslı təmiri layihəsi isə davam etdirilir.
Həmçinin, Yaraq Qazmalar (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) sərhəd buraxılış məntəqəsində yerləşən “Samur” Baş Hidroqovşağındakı hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və sınaq işlərinin aparılması istiqamətində tədbirlər görülür.
Eyni zamanda, hidrotexniki qurğu üzərindəki avtomobil körpüsünün yenidən qurulmasının, Samur - Şirvanovka və Quxuroba - Şirvanovka - Zuxuloba avtomobil yollarının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması üçün hazırlıq işlərinə başlanmışdır.