CƏMİYYƏT
Yevlaxda müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunmalarına dair seminar keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk maarifləndirici seminar Yevlax rayonunda yaşayan mina hadisələri qurbanları və digər müharibə əlilləri üçün təşkil olunub. Məqsəd mina hadisələri qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilmələrinə nail olmaqdır.
Seminarda Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları olan təlimçilər tərəfindən kiçik biznesin praktiki əsasları, özünüməşğulluq proqramına cəlb olunmaq üçün hüquqi məsələlər barədə məlumat veriblər. Bundan başqa, tədbir iştirakçılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina partlayışları qurbanlarına tövsiyə etdiyi “101 çox yaxşı ideya” adlı məlumat vərəqəsi paylanıb.
Seminarda iştirak etmiş Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon təşkilatının üzvləri tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.