REGİONLAR
Yevlaxda şəhidlərin xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib
Yevlax, 2 iyun, AZƏRTAC
Yevlax rayonunun Aşağı Qarxun kəndində Qarabağ savaşında şəhid olmuş kənd sakinlərinin xatirəsinə inşa edilən “Şəhidlər bulağı”nın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla anıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd olunub ki, şanlı Zəfər tarixini yazan Vətən oğulları hər zaman xalqımızın qəlbində yaşayacaq.
Sakinlər şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.