İQTİSADİYYAT
Yollarda hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və əsaslı təmiri işləri görülmüşdür
Bakı, 26 yanvar (AZƏRTAC). Ötən il respublika əhəmiyyətli yollarda hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və əsaslı təmiri ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC- a bildirmişlər ki, həmin müddətdə Yaraq Qazmalar (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) sərhəd buraxılış məntəqəsində yerləşən “Samur” Baş Hidroqovşağındakı hidrotexniki qurğuların texniki vəziyyəti yoxlanılmış və sınaq işləri aparılmışdır.
Eyni zamanda, hidrotexniki qurğu üzərindəki avtomobil körpüsünün yenidən qurulmasının, Samur-Şirvanovka və Çuxuroba -Şirvanovka-Zuxuloba avtomobil yollarının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması üçün hazırlıq işləri görülmüşdür.
Bunlarla yanaşı, yerli əhəmiyyətli Quba-Qəçrəş-Salahlı- Aslanbəyli-Kəmərli yollarının əsaslı təmiri layihələri başa çatdırılmış, Xocasən–Lökbatan, Cəlilabad–Yardımlı, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı–Lahıc, Şamaxı–Göylər Çöl–Padar, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilmişdir.
Gədəbəy–Qızıl Torpaq-Qonaqlı yolunda Fındıqlı çayı üzərində körpünün yenidən qurulması, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89-cu kilometrində yol ötürücüsünün tikintisi, Şəki-Kiş avtomobil yolunda Kiş çayı üzərində qəza vəziyyətində olan mövcud körpünün aşırım qurğusunun bərpası başa çatdırılmışdır.