İQTİSADİYYAT
Yolların tikintisi ilə bağlı bir sıra layihələr həyata keçirilir
Bakı, 18 fevral (AZƏRTAC). Ötən il xarici investisiya hesabına Ələt–Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Masallı hissəsində (31 kilometr) tikinti işləri başa çatdırılmışdır.
AZƏRTAC “Azəryol.az” saytına istinadla xəbər verir ki, yolun Yenikənd-Salyan, Salyan-Şorsulu hissəsi və Kür çayı üzərində körpü keçidinin (54,4 – 55,8 kilometr) tikinti işləri davam etdirilir. Bu layihə çərçivəsində Şamaxı rayonunda yerli əhəmiyyətli Çuxuryurd - Pirbəyli, Nəsimi-Qonaqkənd və Qobustan rayonunda Çalov kəndinə giriş, Mirzə Təklə - Mirzə Baba yollarında tikinti işləri yerinə yetirilmişdir.
Həmçinin Ələt-Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Astara- İran sərhədi sahəsi üzrə, həmçinin Gəncə dairəvi avtomobil yolunun tikinti işləri davam etdirilmişdir.