ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkının əməkdaşları Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsini öyrəniblər
Bakı, 10 avqust, AZƏRTAC
Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının əməkdaşları üçün “Elm texnologiyaları innovasiya siyasəti və sənayesi” mövzusunda keçirilən seminar başa çatıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, seminar Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq məqsədilə keçirilib.
Dörd gün davam edən seminarda elm texnologiyası siyasətinin həyata keçirilməsi, elm, texnologiya və innovasiya parklarının idarəedilməsi, mill-regional innovasiya sisteminin yaradılması mövzularına toxunulub. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinlənilib. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunub.
Seminarın sonuncu günü iştirakçılara sertifikatlar təqdim olunub.