ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkının yaradılması dövlətimizin elmin inkişafına diqqət və qayğısının göstəricisidir
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar təşkil olunub. Tədbir akademiyanın innovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurasının, müəllif hüquqları və patent şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə innovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib. Dövlətimizin elmin inkişafına diqqət və qayğı göstərildiyi, AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) yaradılmasının bunun parlaq nümunəsi olduğu qeyd edilib. Şöbə müdiri FRTEB-nin alim və mütəxəssislərini YTP-nin gələcək fəaliyyətində yaxından iştiraka, öz innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.
Tədbirdə “AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili”, “Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu” mövzularında məruzələri dinlənilib.
Çıxış edənlər AMEA ilə universitetlər arasında əlaqələrin ali məktəblərin inkişafına böyük töhfə verəcəyini bildiriblər. Beynəlxalq proqram və layihələrin önəmindən danışan natiqlər Avropa Komissiyasının “HORİZON-2020” və “Erasmus+ KA2” kimi çərçivə proqramlarında iştirakın vacibliyini vurğulayıblar.
Növbəti seminar noyabrın 24-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi üzrə keçiriləcək.