CƏMİYYƏT
Yüksək patogen quş qripi ilə əlaqədar epizootoloji monitorinqlər keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə yanvarın 11-dən 15-dək Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə mövsümi epizootoloji monitorinqlər həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Ağzıbir ovçuluq təsərrüfatını, Abşeron, Şirvan, Ağgöl və Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Eyni zamanda Bakı şəhərindəki, Abşeron, Ağcabədi, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ ev quşlarından, o cümlədən Bakı şəhərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Ucar, Beyləqan, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində quşlardan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya tələf olan quş cəsədinə rast gəlinməyib.