MƏDƏNİYYƏT


“ZƏNGƏZUR HƏSRƏTİ”Nİ ÜRƏYİNDƏ YAŞADAN ŞAİRİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR

Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında şair Pərvanə Zəngəzurlunun yaradıcılıq gecəsi keçirilmişdir.

Şairin 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə filologiya elmləri doktorları, professorlar Vilayət Əliyev, Buludxan Xəlilov, tibb elmləri doktoru, professor Eldar Abbasov və başqaları Pərvanə Zəngəzurlunun yaradıcılıq uğurlarından danışmışlar.

Natiqlər doğma yurd-yuvasından didərgin düşmüş şairin Vətən həsrətli şeirlərinin ürəklərə yol açdığını, düşmən tapdağında qalan doğma yurdu Zəngəzura həsr etdiyi kövrək misraların aşıqların dilindən düşmədiyini bildirmişlər. Onun müəllifi olduğu “Qayıt gəl”, “Dağlar yuxuma girir”, “Zəngəzur həsrəti”, “Tanrım, məni başdan yarat”, “Vətən qürbətdə qaldı”, “Lal haraylar” kitablarından həssas, doğma ocağına yetmək üçün çırpınan üsyankar bir şair ovqatı duyulduğunu vurğulamışlar.

“Zəngəzurun səsi” qəzetinin təsisçisi Yavər Nuriyev şairə 50 illik yubileyi, yaradıcılığının 20 illiyi münasibətilə qəzetin fəxri fərmanını təqdim etmişdir.

Tədbir çərçivəsində şairin yeni çapdan çıxmış “Çoxala-çoxala azalan ömrüm” kitabının və “Zəngəzur həsrəti” diskinin təqdimatı keçirilmişdir.

İncəsənət ustaları “Ozan” instrumental ansamblının müşayiəti ilə P.Zəngəzurlunun seirlərinə bəstələnmiş mahnıları ifa etmişlər. Aşıqlar şairin şeirlərini saz havası üstündə oxumuşlar.

Sonda Pərvanə Zəngəzurlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, növbəti yaradıcılıq gecəsinin düşməndən azad olunmuş qədim Azərbaycan torpaqlarında kecirilməsini arzulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.