İDMAN
ZAQATALADA YENİYETMƏLƏR ARASINDA ŞAHMAT OLİMPİADASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksində iyunun 23-dən iyulun 1-dək 16 yaşa qədər yeniyetmələr arasında davam edən şahmat üzrə Respublika Olimpiadası başa çatmışdır.
Olimpiadanın bağlanışına həsr olunmuş mərasimi açan yarışların baş hakimi, Zaqatala rayon şahmat məktəbinin direktoru Abdusalam Qurbanov olimpiadanın nəticələri barədə məlumat vermişdir. Qeyd olinmuşdur ki, 10 gün davam edən bu yarışlara respublikanın 36 şəhər və rayonunun 60 komandasını təmsil edən 334 yeniyetmə oğlan və qız qatılmışdır. İsveçrə sistemi ilə 5 yaş qrupu üzrə keçirilən yarış 9 turdan ibarət olmuşdur. Qaliblər hər yaş qrupu üzrə müəyyənləşdirilmişdir. Komanda yarışlarında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi və Bakı Şəhər İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbinin komandaları ilk yerləri bölüşmüşlər.
Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, təşkilati dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıq etmiş, Zaqatalada beynəlxalq səviyyəli turnirlərin, birinciliklərin keçirilməsi üçün hər cür şəraitin olduğunu vurulamışdır.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov idmançılara gələcək yarışlarda uğurlar arzulamışdır.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Onlara Gənclər və İdman Nazirliyi, Respublika Şahmat Federasiyası və rayon icra hakimiyyətinin kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Şəxsi yarışlarda, müvafiq olaraq, 8 və 7,5 xal nəticə ilə I-II yerlərə çıxmış Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin yetirmələri Nərmin Kazımzadə və Orxan Talışzadə Azərbaycan yığma komandasının tərkibində bu il avqustun 16-dan 25-dək 16 yaşadək şahmatçılar arasında Türkiyənin Mersin şəhərində keçiriləcək dünya olimpiadasında iştirak etmək hüququ qazanmışlar. Yığma komandanın tərkibinə daha 3 təcrübəli şahmatçı - Eltac Səfərli, Vasif Durarbəyli və Ayaz Məmmədov da daxildir.