İQTİSADİYYAT
Zakir Nuriyev: Azərbaycan regionun bank və maliyyə mərkəzi funksiyalarını öz üzərinə götürüb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan maliyyə imkanlarına görə regionun ən vacib ölkəsidir. Ölkəmiz regionun bank və maliyyə mərkəzi funksiyalarını artıq öz üzərinə götürüb. Məhz buna görə də, qabaqcıl texnologiyaların tətbiqinin inkişaf etdirilməsi mühüm məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 16-da Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində Azərbaycan Banklar Assosiasiyanın (ABA) prezidenti Zakir Nuriyev deyib.
"Maliyyə və Texnologiyalar Sammitinin növbəti dövrlərdə də illik olaraq keçirilməsi planlaşdırılır. Qarşıdakı dövrdə əsas hədəfimiz bu platformaların inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərin həllinə dair əlavə tədbirlərlə bağlı Fərmanı bank və maliyyə sektorunun yeni, dayanıqlı inkişaf mərhələsinə keçməsinə imkan yaradıb. Hazırkı mərhələdə bankların iqtisadiyyatının real sektorunun effektiv kreditləşmələri imkanın genişləndirilməsinə şərait yaradılıb. Bu istiqamətdə görülən əməli işlərin bundan sonra da davam etdirilməsi qarşıda duran ən prioritet məsələlərdən biridir", - deyə Z.Nuriyev qeyd edib.