CƏMİYYƏT
Zaqatalada keçmiş məhkumdan dörd kiloqram marixuana götürülüb
Bakı, 23 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün əvvəllər də məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman “VAZ-2107” markalı avtomobilinin yük hissəsindən 4 kiloqram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.