REGİONLAR
Zaqatalada koronavirus əleyhinə dezinfeksiyaedici tədbirlər intensivləşdirilib
Zaqatala, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, aprelin 3-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və meydanlarda, satış mərkəzlərində təmizlik və dezinfeksiya işləri aparılıb.