REGİONLAR
Zaqatalada uşaqlara bayram sevinci bəxş olunub
Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Zaqatala şəhərində təşkil edilən “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir uşaqlara xoş əhval-ruhiyyə, əsl bayram ovqatı yaşadıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir uşaqları bayram münasibətilə sevindirmək, onların vaxtlarının əyləncəli keçməsini təmin etmək məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala şəhərinin Dədə Qorqud meydanında təşkil edilən bayram tədbirində uşaqlar gənclərlə birlikdə müxtəlif əyləncəli oyunlar oynayıb, rəqs edib, musiqili, şən bir zaman keçiriblər. Şən klounlar tədbir boyunca uşaqlara bol-bol gülüş bəxş ediblər. Uşaqların gülüşləri ilə sevinən gənclər çox gözəl gün keçirdiklərini, sanki uşaqlıq illərinə qayıtdıqlarını bildiriblər.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.