Zəhərlənmə faktının baş verdiyi Qudula məktəbində bu gün dərs keçirilməyəcək - açıqlama
AzerTAg.az

Şəki, 24 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb və onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatçılığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Onun məlumatına görə, təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçirilməyəcək.
Qeyd edək ki, ilkin araşdırmalara görə, allergiyaya məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Ehtimal edilir ki, mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq məlum hadisənin baş verməsinə gətirib çıxarıb.
Xəbərin mətnində orfoqrafik səhv var