CƏMİYYƏT
“Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Zəngilan Rayonu Xüsusi Nümayəndəliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi və mədəni irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Zəngilan rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Qeydiyyat 2023-cü il yanvarın 15-dək aparılacaq.
Seçilmiş gənclərin müvafiq təlim və hazırlıq keçdikdən sonra Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Xatırladaq ki, bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Ağdam Könüllüləri” və “Şuşa Könüllüləri” qrupu fəaliyyətə başlayıb.