“Zəngin hövzələr” layihəsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda təbii su hövzələrinə balıq buraxılışı tədbirləri davam edir
AzerTAg.az

Bakı, 20 oktyabr, AZƏRTAC
IDEA İctimai Birliyinin “Zəngin hövzələr” layihəsi çərçivəsində son 2 ildə Qarabağ və Şərqi Zəngəzur bölgələrində təbii su hövzələrinə balıq buraxılışı tədbirləri həyata keçirilir. Bu ərazilərdə olan Bəsitçay, Bərgüşad, Həkəri, Suqovuşan və digər su hövzələrinə balıq körpələri buraxılır.
Bunu AZƏRTAC-a müsahibəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.
“Bu regionda son 30 ildən çox müddət ərzində heç bir tədqiqat işləri aparılmayıb və işğal zamanı ərazilərin ekoloji vəziyyətinə mənfi təsirlər olub. Son 2 ildə apardığımız araşdırmalar göstərib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki su hövzələrində 23 növ balıq var. Bu balıqlardan 2 növ Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib. Kütləvi informasiya vasitələrinin, müxtəlif ictimai qurumların və eyni zamanda xarici qonaqların iştirakı ilə son 2 ildə biz təxminən 15-ə qədər balıq buraxılışı tədbirləri həyata keçirmişik. Burada məqsəd həmin bölgələrin su hövzələrinə balıq növlərinin reintroduksiya edilərək balıq ehtiyatlarının bərpasıdır”, – deyə M.Axundov bildirib.
Alimin sözlərinə görə, qarşıdakı illərdə bu işlərin daha geniş aparılması nəzərdə tutulur. “Onu da qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində süni şəkildə balıq yetişdirmək və əmtəə balıqçılığının inkişafı da nəzərdə tutulub. Bu bölgələrdə balıq ovunun qadağan edilməsi insanların təbii mühitdə balıqların yaşamasına olan təsirini azaldacaq”, - deyə M.Axundov fikrini tamamlayıb.
Xəbərin mətnində orfoqrafik səhv var