REGİONLAR
Zərdabda “Məişət zorakılığı, erkən nikah və bu kimi problemlərlə mübarizə” adlı maarifləndirici tədbir keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Məişət zorakılığı, erkən nikah və bu kimi problemlərlə mübarizə” adlı tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq zəruri qaydalara əməl olunmaqla təşkil edilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, MKS-nin müdiri Nailə Əliyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Xəyal Məmmədli, MKS-nin əməkdaşları, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı məişət zorakılığı, zorakılığın növləri, erkən nikah və onun fəsadları, qanunvericilikdə nəzərdə tutulan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşları məişət zorakılığı, erkən nikahların qarşısının alınması yolları və qanunvericilik barədə maarifləndirməkdir.
Müzakirələr zamanı tədbir iştirakçıları ailə zorakılıqlarının və erkən nikahların aradan qaldırılması ilə bağlı öz fikirlərini bildiriblər.