İQTİSADİYYAT
Zirə qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılır VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Xəzər rayonunun Zirə qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılır.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, eyni vaxtda qəsəbənin uzunluğu 1,8 kilometr, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 kilometr, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 kilometr, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələrində tikinti işləri görülür. Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 kilometr olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Təqribən 38 min 850 kvadratmetr sahəyə bir (6 santimetr) və ikiqat (11 santimetr) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min kvadratmetr sahədə yeni yol əsası tikilib.
Sözügedən küçələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə.Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S.Ə.Şirvani küçəsində birləşir. Həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da hərəkət edirlər.
“Azəryolservis” ASC Zirə qəsəbəsinin sözügedən küçələrinin təmiri işlərini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə onlarla işsiz qəsəbə sakinini müvafiq işlə təmin edib.