İQTİSADİYYAT
"Avrasiya Həftəsi 2017"də Azərbaycanda aparılan iqtisadi islahatlardan danışılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova Qazaxıstanın Almatı şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə "Avrasiya Həftəsi 2017" adlı tədbirində çıxış edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Vüsalə Cəfərova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kompleks, elmi əsaslandırılmış və sistemli iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan dünyanın ən uğurlu islahat aparılan ölkəsinə çevrilib. Ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində beynəlxalq təşkilatların, sahibkarları təmsil edən qurumların, yerli və xarici subyektlərin islahat prosesinə cəlb edilməsi sahəsinə mütərəqqi təcrübə qazanılıb. İİTKM rəsmisi 40-dan çox ölkədən olan hökumət və dövlət rəsmilərinin də iştirak etdiyi tədbirdə çıxışı zamanı, həmçinin Azərbaycanda qəbul edilən Strateji Yol xəritələri barədə ətraflı məlumatlar təqdim edib. Bildirib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir. Vüsalə Cəfərova əlavə edib ki, Azərbaycanda yaradılan Rəqəmsal Ticarət Qovşağı böyük əhəmiyyət daşıyır. Çünki bu qovşağın yaradılması zamanı bir sıra qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb.
OECD-in təşkilatçılığı ilə "Avrasiya Həftəsi 2017" adlı tədbirdə Avrasiya və OECD ölkələrinin nümayəndələri, ekspertləri və beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edib. Avrasiya regionunun "Rəqabətlilik" mövzusunda keçirilən "dəyirmi masa"nın müzakirələrində, habelə biznes-forumda bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.