İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı" İkinci Bakı Şopinq Festivalının müvəkkil bankıdır
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən Bakıda start götürən İkinci Şopinq Festivalında "Azərbaycan Beynəlxalq Bankı" müvəkkil bank kimi iştirak edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi - Müştəri Xidməti Departamenti (Nizami küçəsi, 67) və "Nəsimi" filialı (28 May küçəsi, 21 A) həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir.
Bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, "Baku Shopping Festival – Tax Free" nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir.
İkinci Bakı Şopinq Festivalının yaratdığı imkanlardan faydalanan müştərilər "Baku Shopping Festival – Tax Free" nişanlı məkanlarda etdikləri alış-veriş qarşılığında onlardan tutulmuş əlavə dəyər vergisini "Azərbaycan Beynəlxalq Bankı"ndan rahatlıqla geri ala bilərlər. Bu müddətdə bankın qeyd edilən ofisləri müştərilərə bütün həftə boyu valyuta mübadiləsi xidməti də göstərəcək. Festival noyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, ölkəmizin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi facebook səhifəsindən əldə etmək olar.