İQTİSADİYYAT
"Bakı Fond Birjası" 6 şirkəti üzvlüyündən çıxarıb
Bakı, 30 avqust, AZƏRTAC
"Bakı Fond Birjası" QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən qurumun bəzi üzvlərinin fəaliyyəti "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa və birjanın "Üzvlük Qaydaları"na uyğun olmadığına görə dayandırılıb.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, Üzvlük Komissiyasının qərarı ilə "Brokdil-AZ" MMC, "Çelsi Kapital" MMC, "Bob Broker" MMC, "Xalq Kapital" MMC, "Standard Kapital" MMC və "Dəmir investisiya şirkəti" QSC-nin üzvlüyü 2017-ci il yanvarın 1-dək sonuncu dəfə olaraq dayandırılıb. Eyni zamanda, "Yapı Kredi İnvest" MMC-nin BFB-də üzvlüyünə öz xahişi ilə xitam verilib.
Qeyd edək ki, hazırda BFB-nin "Kapital Menecment ASC", "İnvest-AZ QSC", "Az-Finans investisiya şirkəti QSC", "Unicapital ASC", "Paşa Kapital" QSC və "PSG-Kapital" QSC daxil olmaqla 6 üzvü var. Üzvlərin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib.